Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin büstünün açılışı olub

07 noyabr 2021 | 11:00

27 ildən sonra Zəngilana ilk şanlı Bayrağımızı sancan, ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Nazim oğlu Yusiflinin doğma Böyük Kəsik kəndində adının verildiyi tam orta məktəb binasının qarşısında büstünün açılışı olub. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, Qəhrəmanın ailə üzvləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri ştiak ediblər.
Öncə tədbir iştirakçıları büstün önünə əklillər qoyub, gül dəstələri düzərək Azərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Çıxış edənlər 44 günlük Vətən Müharibəsində qanı ilə dastan yazan Qəhrəmanın keçdiyi şərəfli ömür və döyüş yolundan, dövlətimizin şəhidlərin adının əbədiləşdirilməsi və ailələrinə göstərdiyi xüsusi diqqətdən geniş söz açıblar.
Qeyd edək ki, bundan öncə 20 oktyabr 2021-ci il tarixində Ağstafa şəhərinin mərkəzi küçələrindən birinə Azər Yusfilinin adı verilən küçənin başlanğıcında Vətən Müharibəsi Qəhrəmanının barelyefinin açılışı olmuşdur.
Azər 1994-cü il mart ayının 28-i Ağstafa rayonun Böyük Kəsik kəndində ziyalı ailəsində anadan olub. O, 44 günlük Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri kimi xüsusi təlim keçmiş “xüsusi təyinatlı kəşfiyyat dəstəsi”nin tərkibində iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı”,  “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Həmçinin xidmətdə fərqləndiyinə görə, Azər dəfələrlə fəxri fərman və medallarla mükafatlandırılıb. O cümlədən "Hərbi xidmətdə fərqlənməyə görə" medalı və "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalına layiq görülüb.

Keçidlər