Vətən müharibəsinin cəsur tankçısı Mahmud Fərman oğlu Əhmədovun şəhidlik zirvəsində birinci ildönümü qeyd olunub.
Ağstafa şəhərindən olan şəhidimizin ailəsi ictimaiyyət nümayəndələri, döyüş yoldaşları, müharibə veteranları və qazilər tərəfindən ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb.
Mahmud 02.08.1989-cu ildə Ağstafa şəhərində dünyaya göz açıb. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi iştirak edən igid oğulumuzun idarə etdiyi tank Tərtər istiqamətində düşmən tərəfindən vurulub və o, yaralanıb. Oktyabrın 18-dək Bərdə rayon xəstəxanasında müalicə alıb və müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə qatılıb. Laçın rayonu istiqamətində gedən şiddətli döyüşlərdə onun tankı düşmən tərəfindən yenidən vurulub və Mahmud Əhmədov şəhidlik zirvəsinə ucalıb. Ağstafa rayon Şəhidlər Xiyabanında dəfn olunan şəhidimizin özündən sonra iki qız övladı yadigar qalıb. O, aprel döyüşlərində də qəhrəmancasına döyüşüb.
Vətən müharibəsində göstərdiyi sucaətə görə “Vətən uğrunda”, "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub. Həmçinin hərbi xidməti dövründə nümunəviliyinə görə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley, "Qüsursuz xidmətə görə" medallarına layiq görülüb.