Vətən müharibəsi şəhidimiz Ramiz Bağman oğlu Mustafayevin şəhidlik zirvəsinə ucalmasının birinci ildönümü qeyd olunub
Ağstafalı Vətən müharibəsi şəhidimiz Ramiz Bağman oğlu Mustafayevin şəhidlik zirvəsinə ucalmasının birinci ildönümündə xatirəsinə inşa olunmuş bulaq abidə kompleksinin açılışı olub, doğma evində anım mərasimi təşkil olunub.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Abidə kompleksinin qarşısna əklillər qoyulub, xatirə lövhəsinin önünə gül dəstələri düzülüb. Çıxış edənlər şəhidimizin keçdiyi şərəfli ömür və döyüş yolundan geniş söz açıblar.
Ramiz Mustafayev 11.05.1989-cu ildə Ağstafa şəhərində anadan olub. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi iştirak edib. Vətənə bağlı bir insan kimi öz yoldaşları arasında daim seçilib və sevilib. 28.01.2021-ci il tarixdə Kəlbəcər rayonu ərazisində, "Ömər aşırımı" adlanan yerdə xidməti vəzifəsini yerinə-yetirərkən şəhadətə ucalan Ramiz Mustafayev Ağstafa rayon Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli olan şəhidimizin özündən sonra bir qız və bir oğul övladı yadigar qalıb.