Ağstafada Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
Ağstafa Rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Ağstafa rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayonun məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Mərkəzin foesində Xocalı qətliamına həsr olunmuş rəsm və kitablardan ibarət sərgilərin təqdimatı olub.
Tədbirin Mərkəzin böyük akt zalında keçirilən hissəsində öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mədəniyyət və incəsənət nümayəndələri Erməni terrorçularının xalqımıza qarşı amansızlıqla törətdikləri soyqırıma həsr etdikləri “Qanımız yerdə qalmadı” adlı ədəbi-bədii kompazisiyanı təqdim ediblər. Böyük ölçülü ekranda isə "Virtual Qarabağ" İKT-nın Gənclər İctimai Birliyinin 26 fevral - Xocalı soyqırımına həsr etdiyi “Xocalı-bir millətin kədəri” adlı film nümayiş etdirilib.