Şriftin ölçüsü :

Saytın rəngi :

AĞSTAFADA EPİZOOTİK VƏZİYYƏT NƏZARƏTDƏDİR

09 mart 2022 | 11:00

Respublikada ərzaq təhlükəsizliyinin təmin olunması, bazarlarda ət və süd məhsullarına olan tələbatın yüksək səviyyədə ödənilməsi üçün heyvandarlığı inkişaf etdirmək vacib şərtlərdəndir. Bunun üçün yem bazasının yaradılması ilə yanaşı, heyvanların sağlamlığının qorunması da daim diqqətdə saxlanılır.

Aqrar sahənin yüksək təşəkkül tapdığı Ağstafa rayonunda da heyvandarlığın inkişaf etdirilməsi üçün bütün zəruri şəraitlər yaradılmışdır. Məlum olduğu kimi, respublikada kənd təsərrüfatı sahəsində aparılan struktur dəyişikliyi ilə bağlı Ağstafa Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsi yaradılmışdır. İdarənin nəzdində müqavilə əsasında özəl baytar həkimlər də fəaliyyət göstərir ki, bu da epizootik vəziyyətin daha da yaxşılaşdırılmasına xidmət edir.

Ağstafa HSBX İdarəsinin rəisi Nofəl Qasımov bildirdi ki, təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən fermerlərə məxsus olan heyvanlar arasında epizootik vəziyyət ciddi nəzarətdə saxlanılır. Baytarlıq xidmətləri vaxtaşırı həyata keçirilir.

2021-ci il üçün epizootik tədbirlər planına uyğun olaraq rayon ərazisində mövcud olan kənd təsərrüfatı heyvanları arasında bir sıra müalicə və profilaktik tədbirlər aparılmışdır. İl ərzində 336 baş təkdırnaqlı heyvanda Manqo xəstəliyinə, 1740 baş iribuynuzlu heyvanda vərəmə qarşı müayinələr aparılmışdır.

Eyni zamanda 24761 baş iribuynuzlu, 2246 baş təkdırnaqlı, 111316 baş xırdabuynuzlu heyvanda qarayara xəstəliyinə, 47314 baş iribuynuzlu, 161609 baş xırdabuynuzlu heyvanda, 5336 baş iribuynuzlu cavan heyvanda dabaq xəstəliyinə qarşı revaksinasiya aparılmışdır. 4806 baş itdə quduzluq, 26280 baş xırdabuynuzlu heyvanda Bruselyoz rev-1, 3882 baş iribuynuzlu heyvanda Bruselyoz şt-19, 3895 baş iribuynuzlu heyvanda Leptospiroz, 26661 baş iribuynuzlu heyvanda Nodulyar dermatit xəstəliyinə, 74341 baş xırdabuynuzlu heyvanda Çiçək xəstəliyinə qarşı, 100 baş atda Rinopnevmaniya, 100 baş atda qrip xəstəliyinə qarşı profilaktiki peyvəndləmə aparılmışdır.

Təsərrüfatlarda 1116 obyektdə 41058 kvadratmetr sahədə profilaktiki dezinfeksiya işləri aparılmışdır. Ağstafa Rayon HSBX İdarəsinin apardığı müalicə və profilaktiki tədbirlərin nəticəsi olaraq rayon ərazisində epizootik vəziyyət sabit olmuş və heç bir təhlükəli infeksion xəstəlik aşkar olunmamışdır.

Vəli VƏLİYEV,

«Respublika».

https://respublika-news.az/news/agstafada-epizootik-veziyyet-nezaretdedir

Keçidlər