BU GÜN AĞSTAFALI VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI AZƏR YUSİFLİNİN DOĞUM GÜNÜDÜR
Bu münasibətlə Ağgöl kənd qəbirstanlığında Azərin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi dərin ehtiramla anılıb. Tədbirdə Vətən Müharibəsi Qəhrəmanının atası Nazim Yusifov və doğmaları, Ağstafa Rayon İcra Hakimiyyətinin, YAP Ağstafa Rayon Təşkilatının məsul şəxsləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nazim Yusifov Qəhrəman oğlu ilə bağlı bir çox xatirələrini bölüşüb, həmçinin dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Azər Nazim oğlu Yusifli 1994-cü il martın 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. 2000-ci ildə Böyük Kəsik kənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuş, 2011-ci ildə bitirmişdir. Azər 2012-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılır. O, 2012-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayına qədər Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edir. Hərbi xidmətini bitirdikdən sonra bu sahədən ayrılmaq istəməyən qəhrəmanımız sənədlərini işləmək üçün sərhəd qoşunlarına təqdim edir və işə qəbul olunur.
Azər müxtəlif illərdə Dövlət Sərhəd Xidməti rəisinin əmrlərinə əsasən "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif olunur.
2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda Sərhəd Xidmətinə məxsus, xüsusi təlim keçmiş xüsusi təyinatlı kəşfiyyat dəstəsi torpaqların azad olunması üçün ön sırada xidmətə yollanır. Həmin dəstənin üzvü olan Azər Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərir. Müharibənin ilk həftəsində Azər yaralanır və hospitalda müalicə almalı olur. Üç gün sonra Azər hələ tam sağalmamış yaralarını sarıyıb döyüş meydanına qayıdır. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin (ÇHD) baş giziri olan Azər Yusifli əvvəlcə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərə qatılır. Azər müharibə ərzində Sərhəd Xidmətinin heyətində Cəbrayıl rayonunun Araz boyu olan yaşayış məntəqələri-Mahmudlu, Soltanlı, Əmirvarlı, Göyərçin, Veysəlli, Keyxalı, Maşanlı və Hasanlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. Oktyabrın 18-də isə Dövlət Sərhəd Xidmətinin apardığı hərbi əməliyyat zamanı Xudafərin Körpüsü işğaldan azad olunur.
Cəbrayıl rayonunun geniş bir hissəsinin işğaldan azad olunmasından sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. Uğurlu əməliyyatlar nəticəsində qısa müddət ərzində Zəngilan rayonunun 16-dan çox yaşayış məntəqəsi işğaldan azad olunur. Oktyabrın 19-dan 20-nə ötən gecə isə Zəngilan şəhəri uğrunda döyüşlər başlayır. Gecə saatlarında şəhər işğalçılardan təmizlənir. Cəbrayıl azad ediləndə Xudafərin körpüsünün, Zəngilan azad ediləndə isə Zəngilan Prokurorluğu binasının üstünə üçrəngli bayrağımızı məhz Azər sancıb. Azərin son döyüşü oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində olur. Ermənilərlə qeyri-bərabər qüvvə ilə döyüşürlər. Kiçik bir kəşfiyyat dəstəsi ermənilərin 37 əsgər və zabitini əsir götürür, 42 nəfərini isə məhv edir.
Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azər Nazim oğlu Yusifliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Digər sərəncamlarla "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Ağstafa rayonu Böyük Kəsik kənd tam orta məktəbinə, Ağstafa şəhərinin mərkəzi küçələrindən birinə Azər Nazim oğlu Yusiflinin adı verilmişdir.