31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Ağstafada qeyd olunub
Tarixi yaddaşımızdan heç vaxt silinməyəcək 31 Mart Soyqırımının 104-cü ilində Ağstafa rayon Şəhidlər Xiyabanı ziyarət olunub. Rayon ictimaiyyətinin nümayəndələri soyqırım qurbanlarının, eləcə də ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatının akt zalında “Mart Soyqırımı” sənədli filmi nümayiş etdiriliblər.
Tədbirdə qeyd olunub ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, ümumbəşər tarixinin ən qanlı faciələrindən biridir. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan vermişdir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.