Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Fövqəladə hallar üzrə komissiyanın iclası çağırıldı
12 dekabr 2013-cü il tarixdə Ağstafaya ilk qar yağdı. Havaların kəskin soyuması və qar yağması ilə əlaqədar olaraq Ağstafa rayonu İcra hakimiyyətinin başçısı yanında Fövqəladə hallar üzrə komissiyanın iclası çağırıldı.
İclası giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq bildirdi ki, şəhər, qəsəbə və kəndarası yollarda təhlükəsizlik tədbirləri görülməsi və əhalinin normal hərəkətinin təmin olunması, təhsil, səhiyyə və digər sosial xidmət müəssisələrinin işində fasilələrə yol verilməməsi üçün həyata keçirilən tədbirlər daha da gücləndirilməlidir. Qeyd olundu ki, komissiyanın hər bir üzvü üzərinə düşən vəzifəni dərhal icra etməlidir. Şəhər, qəsəbə və kəndarası yolların buz bağlayacağı təqdirdə 26 saylı Yol İstismar İdarəsinə zəruri tədbirlərin görülməsi tapşırıldı. Rayonun müvafiq təşkilatlarında olan texnikaların işlək vəziyyətdə saxlanılması, növbətçiliyin tətbiqi kimi vacib məsələlər barəsində idarə və müəssisə rəhbərlərinə konkret tapşırıqlar verildi.