Həsənsu kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Həsənsu kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşid Fəttahi Həsənsu kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Fərhad Vəliyev oğluna məxsus həyətyanı torpaq sahəsinin yaxınlığında olan elektrik transformatorunun yerinin dəyişdirilməsini xahiş etdi.
2. Mətanət Rəhimova Həsənsu kəndində yeni orta məktəb binasının inşa edilməsini təklif etdi.
3. Fatma Əhmədova Ağstafa Qaz İstismar idarəsi tərəfindən abonentlərə borc yazılması barədə danışdı.
4. Şirinnaz Şahvələdova suvarma ana arxının üzərində iki ədəd keçidin quraşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
5. Rəhman Hüseynov həyətyanı torpaq sahəsinə gedən yolun qonşusu tərəfindən zəpt olunduğu üçün köməklik edilməsini xahiş etdi.
6. Nadir Əhmədov yeni məhəllədə elektrik təsərrüfatının yaxşılaşdırılmasının vacibliyindən danışdı.
7. Tofiq Əliyev Həsənsu kənd tam orta məktəbin arxa hissəsində yerləşən küçənin təmir edilməsini xahiş etdi.
8. Telman İsmayılov əhalini içməli su ilə təmin edən kəhriz quyularının əsaslı təmir olunmasına ehtiyac olduğunu qeyd etdi.
9. Qənirə Məsiyeva təbii qazın təzyiqinin aşağı olması barədə danışdı.
10. Bayraməli Fəttapur ərazidə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
11. Emilya Süleymanova ərazidə olan bəzi yararsız elektrik dayaqlarının yenisi ilə əvəz olunmasına ehtiyac olduğunu qeyd etdi
12. Fəxri Aslanov yeni məhəlləyə içməli su xəttinin çəkilməsini xahiş etdi.
13. Elşən Əliyev Həsənsu kənd icra nümayəndəsi Rəşid Fəttahinin kənd yollarının təmiri işlərinə biganə yanaşmasını qeyd etdi.
14. Tahir Hüseynov küçənin təmiri ilə əlaqədar Həsənsu bələdiyyə sədri Məsim Alıyevin küçənin sakinlərindən vəsait yığması barədə danışdı.
15. Rauf Əliyev Həsənsu kənd icra nümayəndəsi Rəşid Fəttahinin sakinlərin müraciətlərinə laqeyd yanaşmasını qeyd etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, növbəti ildə Ağstafa-Köşəsgər avtomobil yolunun yenidən qurulması nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.