Ağstafa şəhərində yeni mənzillərin püşkatma qaydasında verilməsi mərasimi oldu
23 dekabr 2013-cü il tarixdə Ağstafa rayonu Heydər Əliyev Muzey-Mərkəzində Ağstafa şəhərində tikintisi başa çatmış 107 mənzildən ibarət 3 yeni yaşayış binasının istifadəyə verilməsi üçün həmin binalarda yaşayacaq sakinlər arasında püşkatma mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Qulyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Ağstafa şəhərində yaşayış üçün yararsız və kommunal şəraiti olmayan binalarda yaşayan sakinlər üçün Rafiq Alıcanov küçəsində 1 bloklu 4 mərtəbəli 19 mənzilli, Hüseyn Arif küçəsində 2 bloklu 5 mərtəbəli 40 mənzilli və 3 bloklu 5 mərtəbəli 48 mənzilli yeni yaşayış binalarının tikintisi başa çatdırılmışdır və bu gün həmin mənzillərin verilməsi münasibəti ilə püşkatma keçiriləcəkdir.
Cənab Məhərrəm Quliyev yeni mənzil sahiblərini təbrik etdi və yeni il, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində yeni mənzillərin paylanmasını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ağstafalılar üçün böyük hədiyyə olduğunu bildirdi.
Daha sonra audio-video çəkilişlər aparılmaqla rayon ictimaiyyətinin nümayəndələrinin təmsil olunduğu komissiya tərəfindən püşkatma yolu ilə sakinlərə yeni mənzillər paylanıldı.
Tam şəffaf qaydada başa çatan püşkatma nəticəsində yeni mənzillərinə qovuşan sakinlər, bu böyük hədiyyəyə, yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.