3 oktyabr 1993-cü il – müasir müstəqil, qalib Azərbaycanın təməlinin qoyulduğu milli dövlətçilik tarixi
Otuz bir əvvəl – 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Ulu öndər Heydər Əliyev böyük səs çoxluğu ilə prezident seçildi. Çünki xalq yaxşı anlayırdı ki, Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, hazırkı Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Ölkəmiz 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etsə də ilk illərdə həyatının bütün sahələrində hökm sürən böhranlı vəziyyət yalnız Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra aradan qaldırıldı. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar, həyata keçirilən sosial-iqtisadi islahatlar respublikamızın milli inkişaf modelinin formalaşması prosesini daha da sürətləndirdi. Ümummilli Lider ilk gündən bəyan etdi ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. Beləliklə, müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası, Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Ümummilli Liderin siyasətini bütün sahələrdə uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, ölkəmizin suverenlyinin tam təmin olunması məhz Ulu Öndərin siyasi irsinin təntənəsidir. Çünki bu ideologiyanın təməlində milli-mənəvi dəyərlərimiz, müstəqil dövlətçilik, azərbaycançılıq məfkurəsi dayanır.
Ulu Öndərin müyyənləşdirdiyi və gələcəyə hesablanmış siyasət hər zaman Azərbaycanı möhtəşəm uğurlara aparacaq.