Ağstafa rayonu İcra hakimimiyyətində geniş tərkibdə müşavirə keçirildi
Azərbaycan Respublikası Regionlarının İnkişafı Dövlət Proqramlarının icrasına həsr edilmiş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən tapşırıqlardan irəli gələn vəzifələrin icrası ilə bağlı Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatında geniş müşavirə keçrilmişdir.
Müşavirəni giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev həmin konfransda cənab Prezident tərəfindən verilən tapşırıqlar və onların icrası sahəsində görülən işlərdən ətraflı bəhs etdi. Həmin tapşırıqların içərisində xüsusi əhəmiyyət kəsb edən kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsində şəffaflığın təmin edilməsi və əhalinin tibbi müayinədən keçirilməsi məsələləri daha geniş müzakirə edildi.
Ağstafa rayonu İcra hakimiyyəti başçısının Aqrar məsələləri üzrə müavini Ramiz İmanov rayonda buğda istehsalçılarına hesablanmış subsidiyanın məbləği və yerli komissiyaların fəaliyyəti barədə məlumat verərək bildirdi ki, komissiya tərəfindən rayonun yaşayış məntəqələrində buğda sahələri yoxlanılır və bu sahədə hər hansı bir artıq əkin sahəsinin yazılmasına yol verilməmişdir. Yerli ərazi komissiyalarının sədrləri bir-bir çıxış edərək Statistika orqanına təqdim etdikləri göstəricilərin reallığa uyğun olduğunu və heç bir əlavə rəqəmlərin yazılmadığını qeyd etdilər. Bu məsələ barəsində rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bir daha xəbərdarlıq edərək komissiya sədrlərindən tələb etdi ki, heç bir saxtakarlığa yol verilməsin və subsidiyaların fermerlərə çatdırılmasında şəffaflıq təmin edilsin.
Rayon əhalisinin həkim müayinəsindən keçirilməsi ilə bağlı məlumat verən Ağstafa rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mustafayev bildirdi ki, bu gündən başlayaraq əhalinin kütləvi dispanserizasiyası aparılır. Artıq bu gün həm rayon mərkəzində həmdə kənd tibb məntəqələrində əhalinin kütləvi tibbi müayinədən keçməsi təmin edilir. Bu istiqamətdə yerli icra nümayəndələri və bələdiyyələrin köməyi zəruridir.
Müşavirədə məsələlər barədə ətraflı təhlillər aparıldı. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev hər iki məsələ barədə rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi. Müşavirə işgüzar şəraitdə keçdi.