Ağstafa şəhəri A.Ələsgər, H.Aslanov küçələrində səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev oktyabrın 11-də Ağstafa şəhəri A.Ələsgər, H.Aslanov küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev Ağstafa şəhəri barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə son zamanlarda görülmüş işlər, elektrik enerjisi, təbii qaz, içməli su təminatı, aparılmış quruculuq və abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
- Ləman Abdullayeva A.Ələsgər və H.Aslanov küçələrinə içməli suyun fasilələrlə verilməsi barədə danışdı.
- Natiq Mehdiyev münasib işlə təmin edilməsini xahiş etdi.
- Ruflan Rəhimov gənclərin idmanla məşğul olması üçün İdman kompleksinin inşa edilməsini təklif etdi.
- Aidə Allahverdiyeva A.Ələsgər və H.Aslanov küçələrinə asfalt örtüyünün salınmasının vacib olduğunu qeyd etdi.
- Ramiz Hüseynov rayon mərkəzindəki dəmiryolu və 110/35/10 kv yarımstansiyalarının, yüksək gərginlikli elektrik xətlərinin şəhərin kənarına çıxarılmasının vacibliyindən danışdı.
- Valeh Sərdarov Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
- Rəna Hüseynova hər iki küçədə yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsini xahiş etdi.
- Vilayət Əliyev şəhərdə Aşıqlar evinin yararsız binada yerləşməsi haqda danışdı.
- Saqif Abbasov A.Ələsgər və H.Aslanov küçələrində məişət tullantılarının vaxtında götürülməsini təklif etdi.
- Minayə Əliyeva Hüseyn Arif adına Ağstafa 7 illik uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi və musiqi alətləri ilə təmin edilməsi haqda danışdı.
- Elmira Hüseynova dəmir yolunun alt hissəsinə əhalinin gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə, dəmir yolundan yeraltı keçidin inşa edilməsinə ehtiyac olduğunu qeyd etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.