31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd olundu
Heydər Əliyev Muzey-Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu icra hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova açaraq 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilmiş misli görünməmiş soyqırım hadisəsi barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, ermənilərin Azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmişdir. Həmin illərdə ki, ermənilərin Azərbaycanda törətdikləri milli qırğınla bağlı, tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Zəngəzur qəzasında, Qarabağ, İrəvan quberniyasında və Bakı şəhərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıldığını sübut edir. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da, 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümü ərəfəsində, imzaladığı fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verildi. Fərman 20-ci əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu.
Daha sonra rayon Təhsil şöbəsinin məsləhətçisi Əli Cəfəroğlu, “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev, Qarahəsənli kənd orta məktəbinin tarix müəllimi Azər Hüseynov, Heydər Əliyev Muzey-Mərkəzinin elmi işçisi Layiq Qələndərov çıxış edərək bu hadisələr zamanı azərbaycanlıların yaşadığı 150-dən çox kəndlərin xarabalığa çevrildiyini, yüz minlərlə azərbaycanlının qətlə yetirildiyini, yüzlərlə tarixi abidələrin və məscidlərin yandırılaraq dağıdıldığını bildirdilər.