Azərbaycanın tanınmış yazıçısı İsa Hüseynov (Muğanna) vəfat edib
Azərbaycanın tanınmış yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü İsa Hüseynov 86 yaşında (Muğanna) dünyasını dəyişdi. Yazıçı xroniki ürək çatışmazlığından əziyyət çəkirdi.
İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan Kinamotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.
Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunub. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb.
2012-ci ildə AYB-nin təsis etdiyi "Nəsimi" mükafatına layiq görülüb.
Allah rəhmət eləsin !