Böyük Kəsik kəndində səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev oktyabrın 16-da rayonumuzun Böyük Kəsik kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Böyük Kəsik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Raquf Osmanov Böyük Kəsik kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
- Məhəmməd İmanov kənddə quraşdırılmış bankomatın fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinin vacibliyindən danışdı.
- Yusif Yusifov Böyük Kəsik kəndinə təbii qazın verilməsindən danışdı.
- Faxriddin Mamukadze istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsində güzəşt olunmasını xahiş etdi.
- Aydın Qurbanov işlə təmin edilməsi barədə danışdı.
- Günəş Hacıyeva mənzilinin təmirinə köməklik edilməsini xahiş etdi.
- Günəş Əliyeva gənclərin idmanla məşğul olması üçün İdman kompleksinin inşa edilməsini təklif etdi.
- Murad Bakunov küləkli və yağışlı havalarda elektrik enerjisinin fasilələrlə verilməsi barədə danışdı.
- Mikayıl Sadıqov qış mövsümünün gəlməsi ilə əlaqədar kənddə odun yanacağının satışının təşkilinə ehtiyac olduğunu vurğuladı.
- Nazan Mansurova Böyük Kəsik kənd orta məktəbin əsaslı təmir olunmasına ehtiyac olmasını qeyd etdi.
- Simuzər Eyvazova Böyük Kəsik kəndinin içməli su təminatının yaxşılaşdırılmasını xahiş etdi.
- İsgəndər İsgəndərov istehsal olunan kənd təsərrüfatı məhsullarının saxlanılması və satılmasında olan problemlər haqqında danışdı.
- Fənni Əfəndiyev kənd qəbiristanlığında köməkçi tikilinin inşa edilməsini təklif etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Hazırda Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulması işləri davam edir və Sadıqlı kəndində Beynəlxalq Gömrük Terminalının tikintisi üçün torpaqayırma sənədlərinə hazırlıq işləri gedir.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.