Yaz tarla işlərinin gedişi və taxıl biçininə hazırlıq tədbirlərinin yerinə yetirilməsi müzakirə edildi
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin icrası, subsidiyaların verilməsində şəffaflığın təmin olunması barədə tapşırıqların icra olunması, yaz tarla işlərinin gedişi və taxıl biçininə hazırlıq barədə “Ağstafa Aqroservis” MMC-də Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar və Kənd Təsərrüfatı Nazirliklərinin məsul işçiləri iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları ən son kənd təsərrüfatı texnikalarından ibarət sərgiyə baxış keçirdilər.
Şura iclasını giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq bildirdi ki, ölkə başçısının tapşırığının icra olunması və subsidiyaların verilməsində şəffaflığın təmin olunması məqsədilə rayon İcra hakimiyyətinin başçısı yanında komissiya yaradılmışdır. Rayonda yaz tarla işlərinin aparılması, taxıl biçini ilə əlaqədar kənd təsərrüfatı texnikalarının o cümlədən kombaynların sayı artırılmış, fermerlərə bu sahədə şərait yaradılmış, əkin və biçin işlərinin fermer və kəndlilər üçün sərfəli qiymətlərlə aparılması təmin olunmuşdur. İri fermer təsərrüfatlarının və torpaqların elektron uçot sisteminin yaradılmasına, kənd təsərrüfatına yararlı torpaqların təyinatı üzrə istifadə olunmasına, istehsal olunmuş məhsulların bazara çıxarılmasına və güzəştli kreditlərin verilməsinə xüsusi önəm verilmişdir. Fermerlərin toxum, gübrə və texnika ilə təmin olunmasına şərait yaradılmışdır. Kənd təsərrüfatı sisteminə yeni metodların tətbiq edilməsinə diqqət artırılmışdır. Kür çayının suyundan suvarma məqsədilə istifadə olunması üçün nasos stansiyalarının qurulması ilə əlaqədar Nazirlər Kabineti və digər aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmışdır. Bununla əlaqədar mütəxəssislər tərəfindən məsələnin həlli istiqamətində araşdırmalar aparılır. Rayonda fəaliyyət göstərən Aqroservislərin imkanları genişləndirilmişdir. “Ağstafa Aqroservis” MMC-nin fəaliyyəti Qərb regionunda kənd təsərrüfatının inkişafı sahəsində böyük uğur qazanmağa imkan yaradır. Bu texnikaların rayonumuza gətirilməsi əkinçilik mədəniyyətinin yüksəlməsinə səbəb olmuşdur. Cənab prezidentin “Ağstafa Aqroservis” MMC-də olması, tapşırıq və tövsiyələrinin verməsi bu sahənin inkişafını daha da sürətləndirmişdir.
Daha sonra gündəlikdə duran məsələ ətrafında rayon İcra hakimiyyəti başçısının müavini-Aqrar məsələlər şöbəsinin müdiri Ramiz İmanov, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdir Rəşid Cəfərov, Aqrolizinq ASC-nin sədr müavini Elşən Məmmədov, Tovuz Rayonlararası Kənd Təsərrüfatı idarəsinin direktoru Canpolad Qəhrəmanov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru, Daxili xidmət mayoru Nürəddin Hacıyev geniş məruzələrlə çıxışetdilər.
Tədbirdə çıxış edən fermerlər onlara göstərilən yüksək qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda Ağstafa rayonu İcra hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev aqrar sahənin inkişaf etdirilməsi üçün aidiyyəti təşkilatlara tapşırıq və tövsiyələrini vermişdir.
Şura iclası işgüzar şəraitdə keçdi.