Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi
“Ağstafa rayonunun sosial-iqtisadi inkişafının 2014-cü ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Ağstafa rayon İcra hakimiyyəti başçısı yanında Şuranın iclası keçirildi.
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev çıxış edərək cari il aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev tədbir iştirakçılarının diqqətini rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2014-cü ilin birinci rübündə görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Ağstafa rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini nəzərə çatdırıb.
Hesabat məruzəsi ilə çıxış edən rayon İcra hakimiyyəti başçısının müavini A.Hacıyev qeyd etdi ki, birinci rübün yekunlarına görə ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda Ümumi Məhsul Buraxılışı 2.0 faiz, sənaye istehsalı 1.8 faiz, kənd təsərrüfatı məhsulları istehsal 1.8 faiz, nəqliyyat və rabitə 1.9 faiz, ticarət 2,0 faiz, əsas kapitala yönəldilən investisiya 1.9 faiz artmışdır. Yeni iş yerlərinin açılması sahəsində həyata keçirilən tədbirlər nəticəsində yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi sayəsində 222 yeni iş yerləri yaradılmışdır.
Eyni zamanda, nəzərə çatdırılıb ki, rayonda təhsilin inkişafı və məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi sahəsində zəruri tədbirlər həyata keçirilir. Hazırda rayonun Eynallı və Kolxəlfəli kəndlərində yeni məktəb binalarının tikintisi davam edir.
İclasın gündəliyində duran digər məsələlər barəsində Ağstafa rayon İcra hakimiyyəti başçısının müavin L.Eyyubova, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Y.Əfəndiyev məruzə etdi.
İclasa rayonun rəhbərliyi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.
Yekunda Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev vurğulayıb ki, Ağstafa rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətində rüb ərzində çox böyük işlər görülmüş və bu işlər gələcəkdə də uğurla davam etdiriləcəkdir