Xılxına kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Xılxına kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Xılxına kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səlim Novruzov Xılxına kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Xanlar İsmayılov yeni çəkilən suvarma beton kanalının Mollacəfərli kəndində 200 metr məsafədə uzadılmasına ehtiyac olduğunu qeyd etdi.
2. Sahibə Məmmədova Xılxına-Mollacəfərli avtomobil yolunun təmir edilməsinin vacibliyindən danışdı.
3. Musa Əliyev Xılxına kəndində yeni çəkilən suvarma beton kanalının tikintisinə maneçilik törədən 10 kvt-luq elektrik dayağının yerinin dəyişdirilməsini xahiş etdi.
4. Dilən Həsənov Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün Olimpiya İdman Kompleksinin inşa edilməsini təklif etdi.
5. İlham Yusifov Mollacəfərli kəndinin giriş hissəsində olan subartezian quyusundakı nasazlığın aradan qaldırılması barədə danışdı.
6. Nəhayət İsmayılov təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsinə ehtiyac olduğunu vurğuladı.
7. Məhəmməd Mustafayev maddi köməkdarlıq edilməsini xahiş etdi.
8. Amalya Əliyeva ərazidə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
9 İsmayıl. Süleymanov Qum karxanasından çıxan çirkli suların əkin sahələrinə vurduğu ziyankarlığının qarşısının alınması barədə danışdı.
10. Məhbubə Mürşüdova Xılxına və Mollacəfərli kəndlərinin mərkəzi küçəsində içməli su krantlarının quraşdırılmasını təklif etdi.
11. Nazim Hüseynov qəbiristanlıq yolunda olan suvarma arxının üzərində bir ədəd keçidin quraşdırılmasını xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, cari ildə Xılxına kəndində bir ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.