Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi
Şura iclasını giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev gündəlikdə duran məsələlər haqqında ümumi məlumat verdi.
İclasın gündəliyinə rayonda tikinti, quruculuq və abadlıq işlərinin milli memarlıq ənənələri və müasir tələblərə uyğun təşkili, qanunsuz tikililərin qarşısının alınması, tikinti normaları və şəhərsalma qaydalarına əməl olunmasının təmin edilməsi haqqında, Ağstafa rayonunda kənd əhalisinin suvarma suyu ilə təmin olunması, meliorasiya və irriqasiya tədbirlərinin görülməsi istiqamətində aparılan işlərin keyfiyyətinin yaxşılaşdırılması barədə, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər barədə, rayonun sosial-iqtisadi və ictimai-siyasi vəziyyəti barədə RİAİS-ə ötürülən məlumatların dürüstlüyünün və təhlil olunmasının təmin edilməsi haqqında məsələlər daxil edilmişdir.
Gündəlikdə duran məsələlər ətrafında müvafiq olaraq rayon İcra hakimiyyəti başçısının Aqrar məsələlər üzrə müavini Ramiz İmanov, rayonun baş memarı Sənan Mustafayev və RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Kamran Abbasov geniş məruzə ilə çıxış etdilər.
Məruzə ətrafında aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərlərinin arayışı dinlənildi. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müvafiq təşkilat rəhbərlərinə mövcud nöqsanların tezliklə aradan qaldırılmasını tapşırdı və onlara öz iradlarını bildirdi.
Şura iclası işgüzar şəraitdə keçdi.