Ağstafa şəhəri R.Alıcanov və R.Əsədov küçələrində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhəri R.Alıcanov və R.Əsədov küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev Ağstafa şəhəri barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə son zamanlarda görülmüş işlər, elektrik enerjisi, təbii qaz, içməli su təminatı, aparılmış quruculuq və abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Raya Rəhimova R.Əsədov küçəsinin yenidən qurulmasının vacibliyindən danışdı.
2. Müşfiq Əliyev R.Əsədov küçəsində 3 mərtəbəli və 2 mərtəbəli çoxmənzilli yaşayış binalarında bərpa-gücləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu qeyd etdi.
3. Sona Novruzova R.Əsədov küçəsində məişət tullantılarının yığılması üçün zibil qablarının qoyulmasını xahiş etdi.
4. Mətanət Bəhramova Hüseyn Arif adına Ağstafa 7 illik uşaq musiqi məktəbi üçün yeni binanın inşa edilməsini təklif etdi.
5. Sabir Hüseynov R.Əsədov küçəsində 100 yerlik uşaq bağçası üçün binanın inşa edilməsini təklif etdi.
6. İlqar Abbasov R.Alıcanov küçəsinin sonunda 150 metr məsafəyə asfalt örtüyünün salınmasına ehtiyac olduğunu vurğuladı.
7. Dilarə Yəhyayeva yaşadığı mənzilin dam örtüyünün təmir edilməsinə köməklik edilməsini xahiş etdi.
8 Seymur. Babyev R.Alıcanov küçəsində 3 ədəd çoxmənzilli və çoxmərtəbəli yaşayış evlərinin dam örtüyünün yenidən qurulması barədə danışdı.
9. Şahnaz Əliyeva R.Alıcanov küçəsinin sonunda kanalizasiya şəbəkəsinin yenidən qurulmasına ehtiyac olduğunu qeyd etdi.
10. Kənan İsmayılov R.Alıcanov küçəsində yerləşən Uşaq xəstəlikləri şöbəsinin dam örtüyünün təmir edilməsinin vacibliyindən danışdı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, hazırda Ağstafa şəhərində tikinti, quruculuq və abadlıq işləri davam etdirilir. Belə ki, Ağstafa şəhərində kommunal şəraiti dözülməz olan ailələr üçün 16 və 88 ailəlik yaşayış kompleksi tikilərək sakinlərin istifadəsinə verilmişdir. Eyni zamanda cari ildə R.Əsədov küçəsində 100 yerlik uşaq bağçası üçün binanın inşa edilməsi nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.