Ağstafada “Son zəng” günü qeyd olundu
30 may 2014 –cü il tarixdə Ağstafa rayon orta ümumtəhsil məktəblərində “Son zəng” vuruldu. 2013-2014-cü il tədris ilində Ağstafa rayon ümumtəhsil məktəblərinin 791 şagirdi məzun oldu. Ağstafa Rayon İcra hakimiyyəti başçısının imzaladığı müvafiq sərəncama uyğun olaraq rayon İcra hakimiyyətinin məsul şəxsləri və hüquq mühafizə orqanlarının rəhbərləri son zəng tədbirlərində iştirak etmişdilər.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhər 1 saylı tam orta məktəbində keçirilən tədbirdə iştirak etdi. Məktəbin pedaqoji kollektivini və məzunlarını təbrik edən cənab Məhərrəm Quliyev Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu və uzaqgörən siyasət sayəsində ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi olaraq ümumtəhsil müəssisələrində əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi–texniki bazanın yenidən qurulması, müasir tədris avadanlığı və informasiya kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görüldüyünü qeyd etdi. Son illərdə Ağstafa rayonunda 12 yeni məktəb binasının istifadəyə verilməsini və hazırda 2 yeni məktəb binasının tikintisinin davam etdirilməsini Azərbaycan dövlətinin təhsilə olan qayğısı kimi dəyərləndirdi.
Tədbirdə çıxış edən müəllim və valideynlər təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentini cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.