Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağsatafa şəhəri 4, 5 və 6 saylı çoxmənzilli dəmiryolu yaşayış binalarının sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev Ağstafa şəhəri barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə son zamanlarda görülmüş işlər, elektrik enerjisi, təbii qaz, içməli su təminatı, aparılmış quruculuq və abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Yolçu Yolçuyev 4, 5 və 6 saylı çoxmənzilli dəmiryolu yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsinə ehtiyac olduğunu qeyd etdi.
2. Ema Həsənova Hüseyn Arif adına Ağstafa 7 illik uşaq musiqi məktəbi üçün yeni binanın inşa edilməsini təklif etdi.
3. Tamella Qocayeva hər üç binanın həyətinə məişət tullantılarının yığılması üçün zibil qablarının qoyulması barədə danışdı.
4. Lətif Muxtarov binaların həyətində sanitar qovşaqların tikilməsini xahiş etdi.
5. Vaqif Cəfərov binaların yaxınlığında yerləşən köhnə yararsız vaqon təmiri emalatxanasının sökülməsinə ehtiyac olduğunu vurğuladı.
6. Eyzəngül Əkbərova hər üç binanın həyətinə asfalt örtüyünün salınmasınnın vacibliyindən danışdı.
7. Eldar Nəbiyev binaların yaxınlığında sakinlər üçün istirahət guşəsinin yaradılmasını təklif etdi.
8. Sələmə Məmmədova mənzillərə yeni içməli su xətlərinin çəkilməsini xahiş etdi.
9. Məmməd Sadıqov əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması üçün şəhərdə müasir üslubda yeni səhiyyə kompleksinin inşa edilməsini təklif etdi.
10. İntiqam İbrahimov hər üç binanın yeni kanalizasiya sisteminə qoşulmasına ehtiyac olduğunu qeyd etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, hazırda Ağstafa şəhərində tikinti, quruculuq və abadlıq işləri davam etdirilir. Belə ki, Ağstafa şəhərində kommunal şəraiti dözülməz olan ailələr üçün16 və 88 ailəlik yaşayış kompleksi tikilərək sakinlərin istifadəsinə verilmişdir. Qeyd olundu ki, şəhərin bütün küçələrində təmir və yenidənqurma işlərinin aparılması nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.