Ağstafa rayonunda tibb işçiləri peşə bayramını qeyd etdi
İyunun 17-si Azərbaycanda səhiyyə işçilərinin peşə bayramıdır. Bu gün münasibəti ilə Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində geniş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstləri qoydu.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun tibb işçilərini peşə bayramı günü münasibəti ilə təbrik etdi. Qeyd edildi ki,
respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Son illər səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. .
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə 500-dən artıq tibb ocağı yeni tikilmiş və ya əsaslı təmir edilmişdir. Tibb müəssisələri müasir avadanlıqlarla təmin olunmuşdur. Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.
Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır.
Ağstafa rayon Mərkəzi xəstəxanasının baş həkimi İlham Mustafayev və çıxış edən digər şəxslər rayonda səhiyyənin inkişafı sahəsində əldə olunan uğurlarda bəhs etdilər. Ağstafa rayonunda əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılmasında və səhiyyənin inkişafındakı xidmətlərinə görə bir qrup tibb işçisi Ağstafa rayon İcra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edildi.
Sonda rayon incəsənət ustalarının iştirakı ilə konsert oldu.