Sadıqlı kəndində səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev oktyabrın 29-da rayonumuzun Sadıqlı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Sadıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərhad Hacıyev Sadıqlı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. İlham Sadıqov Sadıqlı kəndinin rayon mərkəzindən uzaq olmasını nəzərə alaraq kənd təsərrüfatı texnikasının əraziyə gətirilməsinə köməklik edilməsini xahiş etdi.
2. Tofiq İbrahimov kənd sakinlərinin hər dəfə qonşu Gürcüstan respublikasına gömrük və sərhəd keçid məntəqəsindən keçərkən vətəndaş pasportuna möhür vurulması və sənədin tez dolmasından danışdı.
3. Tahir Musayev kəndin mərkəzi hissəsində yolun alt hissəsindəki su keçidinin bərpa edilməsini təklif etdi.
4. Mehralı Kərimov Sadıqlı kəndinə təbii qazın verilməsindən danışdı.
5. Vaqif Rəhimov gənclərin idmanla məşğul olması üçün İdman kompleksinin inşa edilməsini təklif etdi.
6. Vidadi İsayev Oğlunun işlə təmin edilməsinə köməklik edilməsini xahiş etdi.
7. Vaqif Rəhimov istehsal olunan kənd təsərrüfatı məhsullarının saxlanılması və satılmasında olan problemlər haqqında danışdı.
8. Rəcəb Heydərov Sadıqlı kənd tam orta məktəbin əsaslı təmirə ehtiyac olduğunu qeyd etdi.
9. Zenfira Yusifova Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulmasının bölgə üçün əhəmiyyətindən danışdı.
10. Şahin Musayev ərazidə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
11. Nigar Muradova Sadıqlı kəndinin içməli su təminatının yaxşılaşdırılması haqqında danışdı.
12. Şakir Mustafayev gömrük və sərhəd keçid məntəqəsində nəqliyyatın hərəkətinə icazə verilməsinə dair çıxış etdi.
13. Elşən Bayramov Yeni məhəllədə yolun təmir edilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, hazırda bölgə üçün əhəmiyyətli olan Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulması işləri davam edir və Sadıqlı kəndində Beynəlxalq Gömrük Terminalının tikintisi üçün torpaqayırma sənədlərinə hazırlıq işləri gedir.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.