Ağstafa şəhərinin küçələri yenidən qurulur
Ağstafa şəhərinin mərkəzi prospekt və küçələrində ilin əvvəlindən başlanmış tikinti, quruculuq və abadlıq işləri sürətlə davam etdirilir. Şəhərin Nəriman Nərimanov və S.Ağamalıoğlu küçələrində abadlıq və rekonstruksiya işləri tamamlanmaq üzrədir. Hər iki küçə boyu bardurlar yenilənmiş, səkilərə brusçatka tipli daş düzülmüş və müasir işıqlandırma sistemi quraşdırılmışdır. Rabitə və elektrik naqil xətləri yeraltı kabellə əvəz edilmiş, suötürücü arxlar borularla əvəz edilmiş və qaz xətləri daha təhlükəsiz yerə çəkilmişdir.
Bu gündən hər iki küçəyə yeni asfalt örtüyünün qoyulmasına başlanılmışdır. Rayon icra hakimiyyəti tərəfindən bütün texnikalar səfərbər edilmiş və qısa zamanda işlərin tamamlanması nəzərdə tutulmuşdur.
Şəhər sakinləri görülən bu işlərə müsbət münasibət bildirirlər.