Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Məhsul bayramı keçirildi

15 iyul 2014 | 10:00

Bu gün Ağstafa rayonunun tarixində ilk dəfə olaraq “Məhsul” bayramı keçirildi.
Rayon rəhbərliyi və qonaqlar Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstləri qoydu, onun xatirəsini ehtiramla yad etdilər. Ağstafada keçirilən bayram tədbirində Millət vəkiləri Nizami Cəfərov və İlyas İsmayılov, Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev, Beynəlxalq Əməkdaşlıq üzrə Cəmiyyət (GİZ) in Bakı nümayəndəliyinin rəhbəri cənab Henninq Tvesten, KFW inkişaf bankının yerli təmsilçisi xanım Regina  Maria Schneider, “CLASS” şirkətinin Avropa və Şərq ölkələri üzrə direktoru  Nilss Roitsch, Almaniya Dövlət Toxumçuluq İnstitutunun regional meneceri Valdemar Utte,  “NEUERO”  şirkətinin texniki layihə rəhbəri Jung Roman, “BUHLER GROUP” şirkətinin regional satış meneceri  Alexander Tobienin iştirak etmişdirlər
Məhsul bayramının iştirakçıları ilk öncə Saloğlu qəsəbəsində müasir kənd təsərrüfatı texnikasının nümayişi və taxıl biçini mərasimində iştirak etdilər. Daha sonra rayon mərkəzində Ağstafa kənd təsərrüfatı idarəsinin təməl qoyma mərasimi keçirildi. Mərasimdə çıxış edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ölkəmizdə aqrar sahənin inkişafına cənab İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan danışdılar.
Bayram tədbiri şəhərin Heydər Əliyev prospektində davam etdirildi. Tədbir iştirakçıları Ağstafa şəhərinin Heydər Əliyev prospekti boyunca yürüş edərək rayonun əldə etdiyi nailiyyətləri əks etdirən sərgilərlə tanış oldular. Küçə boyu rayonda istehsal olunan taxıl, meyvə-tərəvəz, üzüm, bostan məhsulları, ət və süd məhsullarından ibarət böyük guşələr yaradılmışdır. Yürüş iştirakçıları rayonun 2003-2013-cü illər ərzində əldə etdiyi nailiyyətlərlə tanış edildilər. Bayram iştirakçılarına rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının sərgisi ilə yanaşı  Azərbaycan mətbəxinin nümunələri və şirniyyat təklif edildi.
Məhsul bayramı “Ağstafa Aqroservis”MMC-nin həyətində davam etdirildi.
Ağstafa rayonunda kənd təsərrüfatı məhsulları istehsalçılarının müasir texnika, gübrə və aqrokimyəvi preparatlarla təmin edilməsi  və əkin sahəsinin artırılması istiqamətində məqsədəmüvafiq addımlar atılmışdır. 2009-cu ildən rayonda Azərbaycan İnvestisiya Şirkəti və Almaniyanın bir neçə şirkətinin təsis etdiyi “Ağstafasüd” MMC və “Ağstafa-Aqroservis”MMC müəssisələri fəaliyyətə başlamışdır. Hər iki müəssisə Almaniyanın qabaqcıl “CLAAS”  şirkətlinin texnikası ilə təchiz edilmişdir. Ağstafa-Aqroservis”MMC-nin sərəncamında olan 61 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlığı təkcə Ağstafa rayonunda deyil qonşu rayonlarda da müasir tələblərə uyğun aqrotexniki tədbirləri kompleks şəkildə icra etməklə əkin, səpin və məhsul yığımını həyata keçirməyə imkan verir. Fəaliyyətə başladıqları az zaman içərisində bu müəssisələr istehsal və emal sahəsini daha da genişləndirmiş, yeni layihələrin icrasına başlamışlar.
“Ağstafa-Aqroservis”MMC tərəfindən bu gün özündə istehsal-emal korporasiyasını cəmləşdirən mühüm bir layihənin təməli qoyulur. 30 min ton taxıl anbarı, saatda 5 ton emal və istehsal gücünə malik un və çörək zavodları, şirniyyat məhsulları istehsalı üzrə fabrikin və iaşə xidmətinin də daxil olduğu bu kompleksin təməlinin qoyulması ilə Ağstafa rayonunun iqtisadiyyatının inkişafında ciddi addım atılır. Layihənin icrası nəticəsində 40 daimi, 30 mövsümi işçinin işlə təmin olunması nəzərdə tutulur. Layihənin ümumi dəyəri 36,6 mln. manat təşkil edir. İstehsal olunan kənd təsərrüfatı məhsullarının tədarükündən başlayaraq son məhsulun emalına qədər böyük bir prosesi bir müəssisədə cəmləşdirməklə istehsalçıların və istehlakçıların maraqlarının uzlaşdırılmasına nail olunacaqdır.
Yeni müəssisənin təməl qoyma mərasimində Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini cənab İlham Quliyev, Almaniya şirkətlərinin nümayəndələri və “Ağstafa Aqroservis” MMC-nin rəhbərliyi iştirak edirdi.
Tədbir Azərbaycanın tanınmış müğənnilərinin iştirak etdiyi konsert proqramı və atəşfəşanlıqla ilə başa çatdı.

Keçidlər