Şriftin ölçüsü :

Saytın rəngi :

“Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində Ağstafada tədbir keçirildi

17 iyul 2014 | 10:00

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində bu gün Ağstafa rayonunda tədbir keçirib.
Layihənin əsas məqsədi Bakı, Qazax, Ağstafa, Şəki, Quba, Masallı və Lənkəran şəhərlərində yaşayan 14-18 yaşlı yeniyetmələrin və 18-29 yaşlı gənclərin iştirakı ilə azərbaycançılıq ideologiyası ilə bağlı konfranslar keçirməkdir. Eyni zamanda, layihə çərçivəsində adı çəkilən şəhərlərdə şer, mahnı, rəsm əsərləri müsabiqələri və gənc jurnalistlər arasında yazı müsabiqəsi həyata keçiriləcəkdir.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra Hakimiyyətinin məsul işçisi Əziz Məsmalıyev rayon gənclərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. O, qeyd edib ki, yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması rayon İcra hakimiyyətinin daim diqqət mərkəzindədir.
Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Fərhad Vəliyev Azərbaycan xalqının tarixi uğurlarından danışıb. Azərbaycanda doğulduğumuz, Heydər Əliyev ideyalarından bəhrələndiyimiz üçün özümüzü xoşbəxt saya bilərik. Heydər Əliyev ideologiyasını mənimsəyən gənc heç vaxt yad elementlərin təsiri altına düşməz.
Layihənin eksperti, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin İdarə Heyətinin üzvü Seymur Verdizadə TUMİB-in gənclər arasında vətənpərvərlik ideyalarının təbliği istiqamətində gördüyü işlərdən danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Azərbaycan xalqının keçdiyi yola nəzər salıb. Tarixçi-alim deyib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyəti gəlişi ilə Azərbaycan xalqının həyatında yeni mərhələ başlayıb: “Heydər Əliyev ideyalarını təbliğ etmək üçün bu cür layihələrin reallaşdırılmasına böyük ehtiyac var. Yeniyetmə və gənclərimiz tariximizi dərindən öyrənsələr, azərbaycanlı olduqları ilə həqiqətən də fəxr edəcəklər”.
TUMİB Gənclər Mərkəzinin sədri Elnur Camalov Azərbaycanda yaşamağın onun üçün qürur mənbəyi olduğunu deyib. E.Camalov həmyaşıdlarını sabitliyin, əmin-amanlığın keşiyində dayanmağa səsləyib: “Hər birimiz ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı olmalıyıq”.
Tədbirin sonunda iştirakçılara TUMİB-in diplomları verilmişdir.

Keçidlər