Şura iclasında rayonun qışa hazırlığı vəziyyəti geniş müzakirə edildi
Ağstafa rayon İcra hakimiyyəti başçısının yanında geniş tərkibdə Şura iclası keçirildi. Şura iclasında bir neçə məsələ müzakirə edildi. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin sədrliyi ilə keçən iclasda əsas diqqət rayonunu qışa hazırlığı vəziyyətinin öyrənilməsinə yetirildi. Qeyd olundu ki, ötən il ərzində rayonun ümumtəhsil müəssisələrinin və sosial obyektlərinin təmiri və istilik sistemi ilə təchizatı məsələsinə qayğı ilə yanaşılmışdır. Həmçinin rayonda çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, pilləkən boşluqlarının cari təmir işlərinin aparılması təmin edilmişdir. Ağstafa şəhərindəki çoxmənzilli yaşayış binalarının giriş qapılarının yenilənməsi və pəncərələrin şüşələnməsi təmin edilmiş, tüstü və ventilyasiya bacalarının təmizlənməsi başa çatdırılmışdır. Ağstafa şəhərində 4 yaşayış binasını əhatə etməklə 3200 kv. metr dam örtüyü dəyişdirilmiş, əlil və şəhid ailələri yaşayan 20 ailəlik yaşayış binasında müasir istilik sistemi quraşdırılmışdır. Eyni zamanda Ağstafa şəhərinin küçələrinə yeni asfalt örtüyünün qoyulması və yeni işıqlandırma sistemlərinin quraşdırılması işi də davam edir. Ötən müddət ərazində şəhərin 10 küçəsində yenidən qurma işləri başa çatdırılmış və bu sahədə işlər davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Ağstafa şəhərində və Dağ Kəsəmən kəndində 100 yerlik uşaq bağçası və körpələr evinin tikinti işləri sürətlə aparılır. Rayonun ümumtəhsil müəssisələrində əsaslı və cari təmir işləri başa çatmaq üzrədir. Yeni tikilən məktəblərin hər biri müasir istilik sistemi ilə təchiz olunur. Rayonun imkanları hesabına daha bir neçə məktəbdə mərkəzləşdirilmiş istilik sistemi quraşdırılmışdır. Kəndarası və kənd yollarının əsaslı və cari işlərinə həssas yanaşılmışdır. Son 3 ildə rayonda avtomobil yollarına 110 km. asfalt örtüyünün salınması təmin edilmişdir. Rayonun yaşayış məntəqələrinin qazlaşması işi sürətlənmişdir. Hazırda 26 yaşayış məntəqəsinə qaz verilir, iki yaşayış məntəqəsində qaz xətlərinin tikintisi davam edir. Qışa hazırlıqla bağlı nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün bütün qüvvələrin səfərbər edilməsi təmin olunur. Payız-qış mövsümünə hazırlıq planına uyğun olaraq rayon əhalisinin içməli su, qaz, işıqla təminatı və sosial obyektlərin fasiləsiz işinin təmin edilməsi sahəsində işlərin tezliklə başa çatdırılması üçün müvafiq tapşırıqlar verildi.
İclasın gündəliyində duran digər məsələlər də ətraflı müzakirə edilərək müvafiq qərara qəbul olundu. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müvafiq təşkilat rəhbərlərinə mövcud nöqsanların tezliklə aradan qaldırılmasını tapşırdı və onlara öz iradlarını bildirdi.
Şura iclası işgüzar şəraitdə keçdi.