Ağstafa rayon İcra Hakimiyyətində yüksək bal toplayan məzunlarla görüş keçirildi.
Ağstafa rayon icra hakimiyyətində rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin ali məktəblərə qəbulda yüksək nəticə göstərmiş məzunlarla görüşü keçirilmişdir. Görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri, hüquq - mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti Aparatının şöbə müdirləri, rayon təhsil şöbəsinin rəhbərliyi və məktəb direktorları iştirak etmişdir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, təhsil infrastrukturunun yeniləşməsinə xidmət edən layihələrin həyata keçirilməsindən geniş danışdı. Qeyd edildi ki, məhz bu qayğının nəticəsidir ki son 3 ildə Ağstafada 7 yeni məktəb binası, o cümlədən 2003-cü ildən bəri 12 yeni məktəb binası tikilmişdir. Hazırda 2 yeni məktəb binasının tikintisi davam edir. Məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsinin nəticəsidir ki, ildən ilə tələbə adını qazanan məzunların sayı artır. Ötən il 214 cari ildə isə 263 məzun tələbə adını qazanmışdır. Bu ali məktəblərə sənəd verən məzunların 63% təşkil edir. Cari ildə tələbə adını qazananların 16 nəfəri 600 dən, 37 nəfəri isə 500 dən yuxarı bal toplamışdır.
Tələbə adını qazanan məzunlar rayon rəhbərliyi tərəfindən təbrik edildi. Həmin məzunlara qiymətli hədiyyələr və rayon İcra hakimiyyətinin Fəxri fərmanları təqdim olundu.
Tədbirdə çıxış edən məzunlar və müəllimlər təhsilin inkişafına göstərdiyi qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.