Dövlət Proqramı çərçivəsində 220 şagird yerlik Kolxəlfəli tam orta məktəbinin açılışı olmuşdur
15 sentyabr 2014-cü il tarixdə Dövlət Proqramı çərçivəsində yeni inşa edilmiş 220 şagird yerlik Kolxəlfəli tam orta məktəbinin açılışı olmuşdur.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq Bilik günü münasibəti ilə toplaşanları təbrik etdi, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizdə, o cümlədən Ağstafa rayonunda görülmüş işlər barədə məlumat verdi. Qeyd olundu ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən aparılan təhsil islahatları uğurla davam etdirilir. Ağstafa rayonunda da bu sahəyə geniş diqqət yetirilmiş, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əsaslı təmiri və yeni məktəb binalarının tikilməsi istiqamətində işlər sürətlə davam etdirilir. Cənab Məhərrəm Quliyev qeyd etdi ki, təhsil sahəsində həyata keçirilən bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilimizə göstərdiyi yüksək diqqət və qayğısının bariz nümunəsidir.
Sonra Kolxəlfəli kənd tam orta məktəbin direktoru Arifə İbrahimova, kənd ağsaqqalı Lətif Orucov və digər çıxış edənlər müasir standartlara cavab verən Kolxəlfəli kənd tam orta məktəbinin tikintisinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Daha sonra rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qırmızı lenti kəsərək məktəbin açılışını etdi.
Cənab Məhərrəm Quliyev və rayon ictimaiyyəti məktəbin sinif, kompüter otaqları və idman zalı ilə yaxından tanış oldular.