Azərbaycanın xalq şairi Hüseyn Arifin 90 illik yubileyi qeyd olundu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 may 2014-cü il tarixli “Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Ağstafa rayon İcra hakimiyyətinin tədbirlər planı təsdiq olunmuşdur. Tədbirlər planına uyğun olaraq Ağstafa rayonunda xalq şairi, Dövlət mükafatı laureatı H.Arifin 90 illik yubilieyi münasibəti ilə silsilə tədbirlər keçirilmişdir. Ağstafa rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Ağstafa şəhərinin S.Vurğun adına mədəniyyət və istirahət parkında Yazıçılar evi”ndə təşkil olunan tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi H.Arifin genişşaxəli yaradıcılığından, onun təbiət və xalqımızın folklorunu dərin məzmunla ifadə edən şerlərindən danışdı.
Qeyd olundu ki, H.Arif poeziyamızda aşıq sənətinin, saz-söz sənətinin davam etdirilməsi, yaradıcı insanın xalqın içərisində olmasının nümunəsini yaratdı. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, şair Barat Vüsal, AYB-in üzvü, “Qızıl qələm” və TÜRKSOY mükafatları laureatı, şair Ağacəfər Həsənli, şairə CIğatel İsaqızı, Azərbaycanın xalq artisti Tariyel Qasımov və digərləri xalq şairi H.Ariflə bağlı xatirələrindən, onun yaradıcılığından danışdılar.
Yubiley tədbirində şairin şerləri və sözlərinə yazılmış nəğmələr səsləndi.