Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin yeni binasının tikintisinə başlanılır
Regionların inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının uğurlu nəticəsi sayəsində son illərdə Ağstafa rayonu daha abad, daha gözəl olmuşdur. Ağstafa şəhərində yenidən qurulan Heydər Əliyev Parkı, S.Vurğun Parkı, M.Mustafayev Pakı, yeni inşa olunana Gənclər Mərkəzi, Yazıçılar evi, çoxmənzilli yaşayış kompleksləri, Tarixi və müasir abidələr parkı, Kitab abidəsi, Saz abidəsi, Atıcılıq və Peyntboll Mərkəzi, yenidən qurulan H.Əliyev prospekti, 20 yanvar, Ş.Qurbanov, C.Cabbarlı, N.Nərimanov, S.Ağamalıoğlu, R.Alıcanov və digər küçələr şəhərimizə xüsusi yaraşıq verir. Sosialyönümlü obyektlərin tikintisi ilə yanaşı mədəniyyət ocaqlarının təmiri və bərpasına da diqqət yetirilir.
Yaxın günlərdə Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin yeni binasının tikintisinə başlanılacaqdır. 1974-cü ildən fəaliyyətə başlayan və Ağstafa şəhər 1 saylı orta məktəbinin yardımçı binasında yerləşən H.Arif adına Ağstafa şəhər 7 illik musiqi məktəbinin binası qəzalı və şəraitsiz olduğundan yeni binanın tikintisinə ciddi ehtiyac vardır. Azərbaycanın görkəmli şairinin adının əbədiləşdirildiyi musiqi məktəbinin yeni binasının tikintisinin başlanması rayonun mədəni ictimaiyyət üçün əlamətdar hadisədir. Hazırda həmin məktəbdə 200 şagird təhsil alır. Yeni binanın tikilməsi ilə burada 350 şagirdin təhsil almasına şərait yaradılacaqdır.
Yeni musiqi və incəsənət mərkəzinin tikilməsi üçün Ağstafa rayon İcra hakimiyyəti tərəfindən 1,0 ha torpaq sahəsi ayrılmışdır. Burada yeni bina ilə yanaşı incəsənət parkının yaradılması, ərazidə geniş sahədə yaşıllığın salınması və yeni təhsil və istirahət zonasının yaradılması nəzərdə tutulur. Yeni musiqi və incəsənət mərkəzinin binasında fərdi və qrup məşğələ otaqları, xor və orkestr zalı, muğam və zərb alətləri otaqları olacaqdır. Binada inzibati otaqlar, yeməkxana, akt zalı və qrim otaqlarının olması da nəzərdə tutulur. Binada müasir avadanlıqlarla təmin olunmuş və akustika şərtlərinə cavab verən konsert zalı da olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli ”Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə Ağstafa şəhərində musiqi və incəsənət mərkəzinin yeni binasının tikintisi məqsədi ilə vəsait ayrılmışdır.