Göycəli kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Göycəli kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Göycəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəmsi Abbasov Göycəli kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Yasin Əhmədov Göycəli kəndinin aşağı hissəsində içməli su probleminin olması barədə danışdı.
2. Şəmsi Abbasov kənddə yeni körpələr evi uşaq bağçasının inşa edilməsini təklif etdi.
3. Alidə Kərimova əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması üçün şəhərdə müasir üslubda yeni səhiyyə kompleksinin inşa edilməsini təklif etdi.
4. Abbasəli Musayev kəndin Tatlı yeri adlanan sahəsində subartezian quyusundakı nasosun təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
5. Qotaz Eyyubova ərazidə bir ədəd bankomatın quraşdırılmasının vacibliyindən danışdı.
6. Əsəd Əliyev təsərrüfat mövsümündə suvarma su problemi haqqında danışdı.
7. Salatın Haqverdiyeva mənzilinə elektrik xəttinin çəkilməsini xahiş etdi.
8. Lətif Sadıqov Ağstafa-Köhnəqışlaq avtomobil yolunun təmir edilməsinə ehtiyac olduğunu vurğuladı.
9. Oqtay Hüseynov kəndin yuxarı məhəllə adlanan ərazisində yolun təmir edilməsi barədə danışdı.
10. Aygün Nuriyeva kənd mədəniyyət evi, klub və kitabxana yerləşən binanın dam örtüyünün təmir edilməsini təklif etdi.
11. Vidadi Çıraqov suvarma ana arxının təmizlənməsinə ehtiyac olduğunu bildirdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Göycəli kəndində növbəti ildə yeni körpələr evi uşaq bağçasının inşa edilməsi nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.