Ağstafada Milli Dirçəliş Günü qeyd olundu.
Tədbiri giriş sözü ilə başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev açaraq bildirdi ki, 17 noyabr - Milli Dirçəliş Günü ölkəmizin hər yerində olduğu kimi Ağstafa rayonunda da qeyd olunur. 1988-ci il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ bölücülərinə dolayı dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyaları ümummilli mitinqlərlə nəticələndi. 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu.
Qeyd olundu ki, əslində Azərbaycanda Dirçəliş Hərəkatı 80-ci illərdən deyil, Heydər Əliyevin Azərbaycana birinci hakimiyyəti dönəmində başlamışdır. Məhz Ulu Öndərin apardığı məqsədyönlü, uzaqgörən siyasəti nəticəsində, bütün çətinliklərə baxmayaraq Azərbaycanda hərbi institut formalaşdı, yüzlərlə gənc xaricdə təhsil aldı. Əsl dirçəliş bax budur. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra isə böhran, anarxiya içərisində boğulan dövlətimiz yenidən dirçəldi. Bütün sahələrdə tez bir zamanda islahatlar aparıldı. Bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurla davam etdirilir. Azərbaycanın bütün bölgələrində, o cümlədən Ağstafa rayonunda da çox böyük infrastruktur, tikinti-quruculuq işləri uğurla aparılır.
Sonra Ağstafa şəhər 1-saylı tam orta məktəbin tarix müəllimi Səmədova İndira, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Turan Hüseynov, Qaçaq Kərəm tam orta məktəbin tarix müəllimi Hacıyeva Sevinc, Rayon Mərkəzi Kitabxanasının kitabxanaçısı Məhərrəmova Laçın, “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev çıxış edərək “Milli Qurtuluş Günü”nün tarixi və əhəmiyyəti barədə geniş məruzələrlə çıxış etdilər.