Həsənsu kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Həsənsu kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəkil Vəliyev Həsənsu kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Günay Mehdiyeva Həsənsu kəndində yeni tam orta məktəb binasının inşa edilməsinə ehtiyac olduğunu qeyd etdi.
2. Şəbnəm Şahvələdova yeni yaşayış massivində yolun təmir edilməsini xahiş etdi.
3. Yolçu Vəliyev əhalini içməli su ilə təmin edən kəhriz quyularının təmir edilməsini təklif etdi.
4. Mətanət Rəhimova Ağstafa-Köçəsgər avtomobil yolunun təmir edilməsinin vacibliyindən danışdı.
5. Novruz Xudiyev kəndin bəzi hissəsində əhaliyə verilən təbii qazın təzyiqinin aşağı olmasından danışdı.
6. Nazim Eminov Calaq sexi adlanan ərazidə yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsinə ehtiyac olduğunu vurğuladı.
7. Həsənova Alirə (Şəhid anası) müalicəsinə köməklik edilməsini xahiş etdi.
8. Şükür Vəliyev Mehman yolu adlanan ərazidə suvarma arxının təmizlənməsi haqqında danışdı.
9. Tahir Şıxıyev Həsənsu kənd körpələr evi-uşaq bağçasının həyətinin metal torla hasara alınmasını təklif etdi.
10. Hümbət Musayev (Şəhid atası) yeni məhəllədə inşa edilən fərdi yaşayış evinə təbii qaz xəttinin çəkilməsini xahiş etdi.
11. Xədicə Alıyeva yeni məhəllədə məişət tullantılarının yığılmasının vacibliyini qeyd etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, növbəti ildə Həsənsu kəndində müasir üslubda yeni tam orta məktəb binasının inşa edilməsi nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.