Qırılı kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Qırılı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qırılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Qurbanov Qırılı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Dilarə Məmmədova Qırılı kəndinə təbii qazın verilməsinin sürətləndirilməsinin vacibliyini qeyd etdi.
2. Azadə Bayramova magistral avtomobil yolundan kəndin mərkəzi hissəsinədək olan yola asfalt örtüyünün salınmasını təklif etdi.
3. Sultan İbrahimova kəhrizdən kəndin Usublu, Gödəklər və Tanrıverdilər məhəllələrinə içməli su xəttinin çəkilməsi barədə danışdı
4. Elman Mansurov yeni məhəllədə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
5. Elsevər İmaməliyev Yeni məhəllədən pay torpaqlarına gedişin asanlaşdırılması üçün su keçidlərinin quraşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
6. Esmira Hüseynova Qırılı kəndində yeni tam orta məktəb binasının inşa edilməsini təklif etdi.
7. Kərim Kərimov yeni məhəllədə elektrik təsərrüfatının yaxşılaşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
8. Firəngiz Abbasova (Şəhid anası) odun yanacağı ilə təmin edilməsini xahiş etdi.
9. İntizam Nağıyev təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsini qeyd etdi.
10. Xalidə Allahverdiyeva ərazidə olan yararsız elektrik dayaqlarının dəyişdirilməsinə ehtiyac olduğunu bildirdi.
11. Məhəmməd Qurbanov Qırılı kənd mədəniyyət evinin əsaslı təmir olunması barədə danışdı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, hazırda abonentlərə məişət qaz sayğaclarının quraşdırılması davam edir və yaxın müddət ərzində sakinlərin təbii qazla təmin edilməsi nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.