Qıraq Kəsəmən kəndində səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev noyabr ayının 22-də rayonumuzun Qıraq Kəsəmən kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qıraq Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nurəddin Yaqubəliyev Qıraq Kəsəmən kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Aqibət Hüseynova ona məxsus həyətyanı torpaq sahəsinin sənədləşdirilməsinə köməklik edilməsi və Qıraq Kəsəmən bələdiyyəsindən narazılıq etməsi barədə danışdı.
2. Mədinə Nəzərli Qıraq Kəsəmən kənd tam orta məktəbində xadimə işləməsi və əmək haqqının az olması barədə məlumat verdi.
3. Həmid Şükürov işlə təmin edilməsi barədə danışdı.
4. Dilarə Daşdəmirova yeni salınmış yaşayış məhəlləsinə təbii qaz xəttinin çəkilməsini xahiş etdi.
5. Pərvanə Nağıyeva yaşadığı mənzilin elektrik təsərrüfatının yaxşılaşdırılmasına köməklik edilməsini xahiş etdi.
6. Ofelya Heydərli Qıraq Kəsəmən kənd körpələr evi uşaq baxçasının iki qruplu edilməsini təklif etdi.
7. Qəhrəman Ayvazov Qıraq Kəsəmən kəndinə marşrut avtosunun açılmasını xahiş etdi.
8. Yetər Cəlilova evinin qarşısındakı suvarma arxının problemi haqqında danışdı.
9. İslam Əliyev yeni salınmış yaşayış məhəlləsində içməli su təminatının yaxşılaşdırılması barədə danışdı.
10. Həsən Gülümcanov Qıraq Kəsəmən kənd tam orta məktəbin istilik sistemi ilə təmin edilməsinin vacib olduğunu vurğuladı.
11. Sevil Musayeva odun yanacağı ilə köməklik edilməsini xahiş etdi.
12. Gülbəniz Hüseynova İsrafil ağanın evinin və digər tarixi abidələrin bərpa olunmasını təklif etdi.
13. Akif Orucov kəndarası yollara asfalt örtüyünün salınmasına ehtiyac olduğunu qeyd etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunda aparılan tikinti, quruculuq, abadlıq işləri və eyni zamanda rayonda gələcəkdə görüləcək yeni layihələr barədə kənd sakinlərinə məlumat verdi. Belə ki, rayonda yeni aeroportun və Sadıqlı kəndində Beynəlxalq Gömrük Terminalının tikintisi üçün layihələndirmə işləri aparılır. Bu layihələr həyata keçirildikdən sonra, rayon büdcəsinin formalaşmasında öz təsirini göstərəcəkdir. Hazırda rayonda dörd tam orta ümumtəhsil məktəblərinin və kommunal şəraiti dözülməz olan ailələr üçün 86 mənzilli lazımi avadanlıqlarla təchiz ediləcək binaların tikintisinə başlanılıb və bu sahədə işlər sürətlə davam etdirilir. Poylu qəsəbə-Düzqışlaq avtomobil yoluna asfalt örtüyünün salınması və yenidən qurulması işlərinə başlanılması növbəti ildə nəzərdə tutulmuşdur.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.