Ağstafa rayonunun daha bir yaşayış məntəqəsinə təbii qazın verilməsi təmin olundu
Ağstafa rayonunun Pirili kəndinə təbii qazın verilməsi münasibəti ilə geniş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq ilk öncə təbii qazın verilməsi münasibəti ilə kənd sakinlərini təbrik etdi. Respublikamızın sürətli sosial-iqtsadi inkişafı, həyata keçirilən infrastruktur layihələri və görülən işlər barədə o, cümlədən rayonumuzda aparılan tikinti-quruculuq və abadlıq işləri barədə ətraflı danışdı. Qeyd olundu ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı”na (2008-2013-cü illər) uyğun olaraq rayonumuzun yaşayış məntəqələrinə təbii qazın verilməsi işləri uğurla davam etdirilir. Pirili kəndinə təbii qazın verilməsi ilə rayonun 27 yaşayış məntəqəsi təbii qaz yanacağı ilə təmin edilmiş oldu. Pirili kəndində 242 abonentə yeni sayğac quraşdırılmış, 18 797 p/m müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilmişdir. Bununla da Ağstafa çayının sol sahil yaşayış məntəqələrinin qazlaşdırılması prosesi başa çatdırılmışdır.
Daha sonra tədbirdə çıxış edən kənd sakinləri kəndə təbii qazın verilməsinə görə bütün sakinlər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev kənd ağsaqqalı İlham Məmmədovla birlikdə təbii qazın verilməsini ifadə edən rəmzi məşəli alovlandırdı.