Eynallı kəndində “Bələdiyyə parkı” istifadəyə verildi
Ağstafa rayonunun Eynallı kəndində istirahət parkının açılışı mərasimi olmuşdur. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB aparatının şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak etmişdir.
Tədbirdə giriş sözü ilə çıxış edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev kənd sakinlərini Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi. Ölkəmizdə həyata keçirilən geniş miqyaslı tikinti quruculuq və abadlıq işlərindən danışaraq rayonumuzda son dövrdə uğurla icra olunan layihələrdən də bəhs edən cənab Məhərrəm Quliyev kənddə parkın salınmasını əhalinin rifah halının artması və daha yaxşı istirahət etməsi hüququnun reallaşdığını bildirdi.
Qeyd olundu ki, kənd sakinləri ilə keçirilən səyyar qəbulda sakinlərin kənddə park salınması təklifi rayon İcra hakimiyyəti tərəfindən dəstəkləndi. Qısa zaman içərisində kəndin mərkəzində istirahət üçün hər cür şəraiti olan park salındı. Respublikamızda ilk dəfə olaraq bələdiyyə parkı yaradıldı. Kənd sakinlərinin asudə vaxtının təşkili və istirahət etməsi üçün parkda münasib şərait yaradılmışdır. Parkın ərazisində 10 ədəd istirahət çardağı qurulmuş, müasir oturacaqlar qoyulmuş və parkın ərazisinə 1200 kv. metr üzlük daş düzülmüşdür. Parkın ətrafına dekorativ hasar çəkilmiş və parkda iaşə obyekti tikilmişdir.
Tədbirdə çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıq etdilər. Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və kənd ağsaqqalı Teyyub Hüseynov parkın rəmzi açılışını bildirən qırmızı lenti kəsdilər. Parkda yaradılan şəraitlə tanış olundu.