Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun daha bir yaşayış məntəqəsinə təbii qaz verildi

29 dekabr 2014 | 11:00

Ağstafa  rayonunun  Qırılı kəndinə təbii qazın verilməsi münasibəti ilə geniş tədbir keçirildi. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB Aparatının şöbə müdirləri və kənd sakinləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə  Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı və bu bayram ərəfəsində təbii qazın verilməsi münasibəti ilə kənd sakinlərini təbrik etdi. Respublikamızın sürətli sosial-iqtisadi inkişafı, həyata keçirilən infrastruktur layihələri və  görülən işlər barədə  məlumat verən cənab Məhərrəm Quliyev rayonumuzda aparılan tikinti-quruculuq və abadlıq işləri barədə də ətraflı danışdı. Qeyd olundu ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf  Dövlət Proqramı”na uyğun olaraq Ağstafa rayonu üzrə nəzərdə tutulan tədbirlərin, o cümlədən  yaşayış məntəqələrinə təbii qazın verilməsi işləri uğurla davam etdirilir. Qırılı kəndinə təbii qazın verilməsi ilə rayonun 28 yaşayış məntəqəsi təbii qaz yanacağı ilə təmin edilmiş oldu. Qırılı kəndində 780 abonentə yeni sayğac quraşdırılmış, 61817 p/m müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilmişdir. Bununla da  rayonun Kür çayının  sol sahil yaşayış məntəqələri istisna olmaqla digər bütün yaşayış məntəqələrinin qazlaşdırılması prosesi başa çatmışdır.
Tədbirdə çıxış edən kənd sakinləri kəndə təbii qazın verilməsinə görə bütün sakinlər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev  kənd ağsaqqalı Murad Sadıqovla birlikdə  təbii qazın verilməsini ifadə edən rəmzi məşəli alovlandırdı.

Keçidlər