Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı münasibəti ilə tədbir keçirildi
Ağstafa şəhərinin abadlıq işləri və yenidən qurmadan sonra yeni istifadəyə verilən R.Əsədov küçəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı münasibəti ilə bayram tədbiri keçirildi.
Mərasimə toplaşanları bayram münasibəti ilə təbrik edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 2014-cü ildə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi istiqamətində icra olunan layihələr, rayonun sosial-iqtisadi inkişafında, tikinti quruculuq və abadlıq işlərinin aparılmasında əldə olunan uğurlu nəticələr barəsində məlumat verdi.
Qeyd olundu ki, yola saldığımız 2014-cü ildə Ağstafa rayonu inkişafında yeni bir uğurlu mərhələ keçdi. Rayonun sosial problemlərinin aradan qaldırılması, yaşayış məntəqələrinin qazlaşması, avtomobil yollarının tikintisi və Ağstafa şəhərində abadlıq və yenidən qurma işlərinin aparılması sahəsində ciddi nailiyyətlər əldə edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin Sərəncamı ilə Ağstafa şəhər Musiqi və İncəsənət məktəbinin tikintisi, Ağstafa rayon mədəniyyət evinin əsaslı təmir işləri sürətlə davam etdirilir. Təhsil sahəsində yeni məktəb binaları və uşaq bağçaları istifadəyə verilmiş, bir neçə səhiyyə obyektində yenidən qurma işləri davam etdirilir. Rayon sakinlərinin yaşayış səviyyəsi yüksəlmiş və Ağstafa rayonu respublikanın ən qabaqcıl rayonlarından birinə çevrilmişdir.
Bayram şənliyi azyaşlı balalara yeni il hədiyyələrinin paylanması ilə başlandı. Daha sonra R.Əsədov küçəsi ilə bayram yürüşü keçirildi. Küçə boyu rayon mədəniyyət evinin musiqi kollektivlərinin, aşıq və nağaraçalan dəstələrin və şəhər musiqi məktəbi şagirdlərinin ifasında mahnılar səsləndi. Yeniyetmə və gənc idmançıların nümunəvi çıxışlarına baxış oldu. Ağstafa rayon Uşaq yaradıcılıq Mərkəzinin və Texniki yaradıcılıq mərkəzi şagirdlərinin əl işlərindən ibarət sərgilərə baxıldı. Rayon tarix-diyarşünaslıq və Keşikçi dağ dövlət tarix mədəniyyət qoruğunun kollektivlərinin nümayiş etdirdikləri məmulatlara maraqla baxıldı.
Bayram yürüşü musiqi sədaları altında davam etdirildi.