Ağstafa şəhəri Rəfael Əsədov küçəsi yenidən qurularaq istifadəyə verildi
Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı ərəfəsində Ağstafa şəhərinin daha bir küçəsində əsaslı təmir və yenidən qurma işləri başa çatdırıldı.
Ağstafa şəhərinin Heydər Əliyev prospekti, R.Alıcanov, M.Ə.Rəsulzadə, 20 Yanvar, C.Cabbarlı, S.Vurğun, M.Allahverdiyev, S.Ağamalıoğlu, N.Nərimanov və digər küçələri kimi Milli Qəhrəman Rəfail Əsədovun adını daşıyan küçə də tamamilə yenilənmiş, küçədə abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemləri quraşdırılmış, küçəyə yeni asfalt örtüyü qoyulmuş və səki daşları düzülmüşdür.
Bu gün küçənin istifadəyə verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB aparatının şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak etmişdir.
Tədbirdə giriş sözü ilə çıxış edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev şəhər sakinlərini Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı tikinti quruculuq və abadlıq işlərindən danışaraq rayonumuzda son dövrdə uğurla icra olunan layihələrdən də bəhs edən cənab Məhərrəm Quliyev Ağstafa şəhərinin əsas küçələrinin yenidən qurulması istiqamətində aparılan işləri diqqətə çatdırdı. Qeyd olundu ki, R.Əsədov küçəsində aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində piyada səkilərinə 3400 kv. metr səki daşı düzülmüş, küçə boyu 2600 p/m bordur qoyulmuş, küçənin işıqlandırılması üçün 59 ədəd müasir işıq dirəkləri quraşdırılmışdır. Küçə boyu divarlarda təmir rəngləmə işləri aparılaraq 270 kv. metr suvaq və rəng işi görülmüş, 350 kv. metr bəzək daşı düzülmüşdür. Divarların üst hissəsinə 840 kv. metr dekorativ dam örtüyü qoyulmuş, yeni yaşıllıq zolağı salınmışdır. Dəmir yol xətti ilə küçənin arasında 270 p/m dekorativ taxta hasar çəkilmişdir. Küçənin daha baxımlı olması üçün 100 p/m dəmir məhəcərli üzlük daş vurulmaqla dekorativ hasar da inşa edilmişdir. Küçənin ümumi uzunluğu 1400 metrdir.
R.Əsədov küçəsinin istifadəyə verilməsi ilə şəhər sakinləri ilə yanaşı rayonun Xətai, Yenigün, Qaçaq Kərəm və Aşağı Kəsəmən kəndlərinin sakinlərinin də yol hərəkəti xeyli asanlaşmış oldu.