Köçvəlili kəndinin İçməli Su Təchizatı layihəsi uğurla icra olundu
Yaponiya hökumətinin “Ot kökləri və İnsan təhlükəsizliyi Qrant Yardım Proqramı” çərçivəsində “Köçvəlili kəndində içməli su təchizatı sisteminin tikintisi” layihəsinin icrasının başa çatması ilə əlaqədar tədbir keçirilmişdir. Bu münasibətlə Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Tsuquo Takahaşi Ağstafada olmuşdur. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev cənab səfir ilə rayon İcra hakimiyyəti başçısı aparatında görüşmüş, rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatı haqqında ətraflı məlumat vermişdir. Sonra cənab Məhərrəm Quliyev və cənab Tsuquo Takahaşi Ağstafa şəhərində Tarixi və Müasir Abidələr parkını ziyarət edərək Köçvəlili kəndinə yollandılar.
Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Tsuquo Takahaşi, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, başçının müavinləri, RİHB Aparatının şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri və Köçvəlili kənd sakinləri iştirak edirdilər.
Tədbirdə giriş sözü ilə çıxış edən cənab Məhərrəm Quliyev Azərbaycan və Yaponiya dövlətləri arasında qarşılıqlı hörmətə və səmimiyyətə əsaslanan dostluq münasibətlərinin inkişafından, hər iki ölkənin dövlət başçılarının bu münasibətlərin inkişafındakı rolundan danışdı. Qeyd edildi ki, yerlərdə sosial problemlərin həllinə göstərilən yardım proqramları dövlətlərarası münasibətlərin inkişafına və xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət edir.
Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Tsuquo Takahaşi çıxış edərək həyata keçirilən layihənin uğurla başa çatması münasibəti ilə kənd sakinlərini təbrik etdi.
Layihənin icrasını təmin edən “Gənclərin sosial problemlərinin həllinə yardım” İctimai Birliyinin sədri Anar Aslanov məlumat verdi ki, layihə çərçivəsində bir ədəd subartezian quyusu qazılmış və kəndin 5 yerində içməli su bulaqları tikilmişdir.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Tsuquo Takahaşi açılışı bildirən rəmzi lenti kəsdilər.