Rayonun yeniyetmə və gəncləri 20 Yanvar Şəhidlərimizi andılar
20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar rayonda keçirilən silsilə tədbirlər çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə Gənclər Mərkəzində və rayonun tam orta ümumtəhsil məktəblərində tədbirlər keçirilir.
Bu gün müəllim və şagirdlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun xalqımıza qarşı törətdiyi qətliam zamanı şəhid olmuş Əzizov Habil Kommunar oğlunun məzarını əklil və gül dəstələri ilə ziyarət etdilər. Məktəblərdə təşkil olunmuş tədbirlərdə şagirdlərin təqdimatında 20 Yanvar faciəsinə həsr olunmuş şerlər səsləndirilmiş, bədii kompozisiyalar nümayiş etdirilmişdir.
Gənclər Mərkəzində keçirilən tədbirdə ilk öncə rayon gəncləri Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə Heydər Əliyev Mərkəzinin, rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil Şöbəsinin məsul işçiləri geniş məruzələrlə çıxış etdilər. Təbdir 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə davam etdirildi.