Muğanlı kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Muğanlı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəbi Mürsəquliyev Muğanlı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Fəxrəddin Səfiyev Muğanlı kənd tam orta məktəb binasının əsaslı təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
2. Hafiz Nəbiyev Muğanlı kəndinə təbii qazın verilməsinin vacibliyindən danışdı.
3. Minayə Bayramova kəndin içməli su təminatının yaxşılaşdırılması barədə danışdı.
4. Məhəmməd Sadıqov təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsinə ehtiyac olduğunu vurğuladı.
5. Paşşan Paşşanov ərazidə iki ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
6. İsgəndər Əhmədov kəndarası yolların təmir edilməsini xahiş etdi.
7. Fatma Yusifova kənddə yeni körpələr evi-uşaq bağçasının inşa edilməsini təklif etdi.
8. Aişə Əhmədova ərazidə olan məişət tullantılarının təmizlənməsi barədə danışdı.
9. Şahnabat Kərimova odun yanacağı ilə təmin edilməsini xahiş etdi.
10. Nizami Tağıyev pay torpaqlarına gedişin asanlaşdırılması üçün su keçidlərinin quraşdırılmasına ehtiyac olduğunu bildirdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Kür çayının sol sahil yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi ilə əlaqədar magistral qaz xəttinin çəkilişinə başlanılıb.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.