Rayon rəhbərliyi abadlıq işlərini sakinlərlə yerində müzakirə etdi
08 fevral 2015-ci il tarixdə, həftənin bazar günü Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, Ağstafa RİH başçısı aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri ilə birlikdə şəhərdə abadlıq işləri görüləcək yerlərdə oldu.
Belə ki, şəhərin C.Cabbarlı küçəsinə, S.Ağamalıoğlu küçəsində Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin yaşadıqları 2-ədəd çoxmənzilli yaşayış binaları və dəmiryolu vağzalı qarşısında Milli Qəhrəman Rafiq Alıcanovun büstü ətrafına baxış keçirildi. Ərazidə olan ziyalı, ağsaqqal və gənclərlə müzakirələr aparılaraq görüş təşkil olundu. Görüşdə ziyalı Musa Ağakişiyev dəmiryolu vağzalı ətrafı parkda əlavə oturacaqların qoyulması, ağsaqqal Hidayət Sadıqov su bulağının quraşdırılması, ağsaqqal Ziyəddin Fərzəliyev C.Cabbarlı və S.Vurğun küçələrinin işıqlandırma sisteminin yenidən qurulması, gənc sakin Kamal İbadov mərkəzi şəhər stadionunda əlavə süni örtüklü mini futbol meydançasının yaradılmasını xahiş etdilər.
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin yaşadıqları çoxmənzilli yaşayış binalarının ətrafında binada yaşayan sakinlərlə aparılan müzakirələr zamanı Hacıyev Zabit binaların ətrafının abadlaşdırılması, Şöhrət Orucov ərazidə yığılan artıq suların çəkilməsi üçün xüsusi drenaj sisteminin quraşdırılması, Pakizə Məmmədova istirahət qüşəsinin yaradılması, Çimnaz Əliyeva uşaqların məktəbə rahat gedib-gəlmələri üçün alternativ yolun çəkilməsi təkliflərini irəli sürdülər.
Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev sakinlər tərəfindən qeyd olunan məsələlərin qısa müddət ərzində həllini tapması üçün aidiyyatı üzrə yerində konkret tapşırıqlarını verdi.