Xocalı faciəsinin qurbanları yad edilir
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini işğal edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir.
Xocalı soyqırımının 23-cü ildönümü münasibəti ilə əlaqədar Ağstafa rayonunda silsilə tədbirlər davam edir. Ağstafa rayonunda Xocalı soyqırımının iyirmi 23-cü ildönümünün keçirilməsinə dair Ağstafa rayonu İcra hakimiyyəti başçısının 02 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Tədbirlər Planı” təsdiqlənmişdir. Tədbirlər Planına uyğun olaraq idarə, müəssisə və təşkilatlarda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbirlərinin icrasına başlanılmışdır. Bu gün rayon Mərkəzi Xəstəxanasında, Ağstafa Sukanal idarəsində və rayon ƏSMM-də Xocalı hadisələrində şəhid olan və doğma yurdlarından didərgin düşən insanlar yad edildi.
Çıxış edənlər Xocalı hadisəsini erməni-rus hərbi birləşmələrinin dinc xalqa qarşı soyqırımı kimi qiymətləndirdi, Azərbaycanın işğal olunmuş ərazilərinin tezliklə azad olunacağına ümid etdiklərini qeyd etdilər.
Xocalı hadisələrində şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi.