5 Mart Bədən Tərbiyəsi və İdman Günü qeyd olundu
Ağstafa şəhər Mərkəzi Stadionunda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə kütləvi idman tədbirləri keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilmişdir. Ölkəmizin hər yerində olduğu kimi Ağstafa rayonunda da bu gün geniş şəkildə qeyd olunur. Qeyd olundu ki, son illər ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ağstafa rayonunda da bu sahənin inkişafına, idmanın kütləviliyinə diqqət artırılıb, beynəlxalq standartlara cavab verən yeni idman qurğuları, o cümlədən Ağstafa Atıcılıq və Payntboll Mərkəzi tikilib istifadəyə verilmişdir.
Sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov, ilin müəllimi adına laiq görülmüş Yaşar İsgəndərov, Uşaq Gənclər İdman məktəbinin müdiri Abbas Fərzəliyev çıxış edərək Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə rayon idmançılarını təbirik etdilər.
Daha sonra il ərzində fərqlənən idmançılara Rayon Gənclər və İdman İdarəsinin qiymətli hədiyyələri və “Fəxri Fərman”ları təqdim olundu.
Rayonun idman mütəxəssisləri, idmançılar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.