8 Mart - Beynəlxalq Qadınlar günü qeyd olundu
Ağstafa şəhər “Yazıçılar evi”ndə 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə bayram tədbiri keçirildi. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan qadınların iştirakı ilə keçirilən tədbiri Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq onların timsalında bütün rayon qadınlarını təbrik etdi, ən xoş arzularını çatdırdı. Qeyd olundu ki, müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. O cümlədən Ağstafada da rayonun ictimai-siyasi həyatında qadınlar böyük və mühüm rola malikdirlər. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.
Ağstafa rayonunda əhalinin 50,9 faizini qadınlar təşkil edir. Rayonun təhsil, səhiyyə, mədəniyyət, və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Onların fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Son bir neçə il ərzində rayonun təkcə təhsil müəssisələrində çalışan qadınlardan 3 nəfər əməkdar müəllim adına, 4 nəfər “Tərəqqi” medalına layiq görülmüşdur.
Tədbirdə Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun ictimai həyatında fəal iştirak edən qadınlara rayon İcra hakimiyyətinin “Fəxri Fərman”larını və qiymətli hədiyyələr təqdim etdi.
Tədbirdə çıxış edən qadınlar hər zaman Azərbaycan qadınına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqramı ilə davam etdirildi.